(XVI əsr)
XV əsrin sonu - XVI əsrin əvvəli Azərbaycan xalqının iqtisadi-siyasi və mədəni həyatında yeni yüksəliş dövrü olmuşdur. Şah I İsmayıl və onun oğlu şah I Təhmasibin səyləri ilə Təbrizdə şah kitabxanası nəzdində məşhur xəttat və rəssamlar toplanır. Onların fəaliyyəti çox-çox əvvəldən başlamış bədii ənənəni davam etdirir və Təbriz miniatür məktəbinin yaranmasına səbəb olur. XVI-XVII əsrlərdə təsviri sənətin ən geniş yayılmış, yüksək inkişaf etmiş növünü kitab miniatürü təşkil edirdi. Elmi ədəbiyyatda “Səfəvi məktəbi”, “Təhmasib məktəbi”, çox zaman isə “Sultan Məhəmməd məktəbi” adlandırılan bu üslubun inkişafında dövrünün ən görkəmli ustad sənətkarı olan Sultan Məhəmmədin yaradıcılığının müstəsna əhəmiyyəti olmuşdur. Digər qədim və orta əsr rəssamları kimi, Sultan Məhəmmədin də həyat və yaradıcılığının ilk çağları haqqında ətraflı məlumat verən mənbə yoxdur. Müxtəlif salnaməçilər və təzkirəçilərin qeydləri, üstəlik, rəssamın dövrümüzə qədər gəlib çatmış əsərləri bu böyük sənətkarın yaradıcılığını işıqlandırmağa imkan verir. Ehtimal ki, əslən Təbrizdən olan rəssam XVI əsrin ortalarında artıq tanınmışdır; misal üçün: dövrün sənət tarixçisi və rəssamı Dust Məhəmməd onun çəkdiyi miniatürlərin tayı-bərabəri olmadığını qeyd edir, Budaq Qəzvini və Qazi Məhəmməd isə onun "qızılbaşlara aid xüsusiyyətləri hamıdan yaxşı təsvir etdiyini" göstərir. Nizami Gəncəvinin "Xəmsə"sinin 1524-cü il əlyazmasına və Nəvainin divanının əlyazmasına 1527-ci ildə çəkilmiş miniatürlər rəssamın sənət ustalığının inkişaf etməsindən xəbər verir. Obrazların həlli, kompozisiyanın mürəkkəbliyi, insan və heyvan fiqurlarının canlı, ifadəli və dinamik təsviri bu əsərlərin püxtələşmiş qabil bir sənətkar tərəfindən çəkildiyini sübut edir. Hal-hazırda adıçəkilən əlyazmalar müvafiq olaraq Nyu-Yorkun Metropoliten muzeyində və Parisin Milli kitabxanasında qorunur. Sultan Məhəmmədin təxminən 1535-ci ildə Hafizin divanına çəkdiyi miniatürlərdə adi insanların həyat tərzi ilə bərabər, saray əyanlarının həyat tərzi də təsvir edilib. Dövrün tarixçisi İsgəndər Münşi isə rəssamın "öz nəcib sənətinin zirvəsinə çatması və ecazkar fırçalarının zərifliyi ilə bütün dünyada şöhrət qazanması"nı fəxrlə qeyd edirdi. Ona görə də Sultan Məhəmmədin XVI əsrin ortalarında Təbrizdə şah sarayı nəzdində fəaliyyət göstərən sarayın bədii emalatxanasının rəisi və dövlətin baş rəssamı təyin edilməsi təsadüfi deyildi.