Səlcuqilərin tənəzzülü dövründə Azərbaycan Atabəyləri dövləti öz
müstəqilliyini elan etmişdir. Dövlətin adı Şəmsəddin Eldənizin adı ilə
bağlıdır. Eldəniz uşaqlığında qul kimi satılmış və taleyi onu Səlcuqlu
sarayına aparıb çıxarmışdır. O, ağlı və işgüzarlığı ilə Sultan II
Toğrulun diqqətini və rəğbətini qazanaraq əmir titulu almışdır. 1136-cı
ildə Eldəniz Səlcuq sultanı Toğrulun oğlu Arslanın atabəyi və
Azəbaycanın cənub vilayətinin hakimi təyin olundu. O, Sultan II Toğrulun
ölümündən sonra onun dul arvadı Möminə Xatunla evlənmişdir. 1136-cı
ildə isə Aran hakimi təyin olunaraq Bərdəyə yollanmış və beləliklə,
Eldənizlər dövlətinin əsasını qoymuşdur.
İraq Səlcuq
sultanlığının ictimai, siyasi həyatında mühüm rol oynayan Eldəniz formal
surətdə Səlcuqilərə tabe olsa da, XII əsrin 30-cu illərindən müstəqil
hökmdar kimi dövləti idarə edir və öz adına sikkə kəsdirirdi. 1152-ci
ildə Arran, bir qədər sonra isə Marağa hakimi Xasbəyin idarə etdiyi
Ərdəbil Eldənizin hakimiyyətinə keçdi. O, Şirvanşahı da asılı vəziyyətə
salmışdı.
Şəmsəddin Eldənizin hakimiyyətinin axırlarında
dövlətin sərhəddi Dərbənddən Bəsra körfəzinə, Tiflis qapılarından
Məkrana, Aran və Şirvan, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və
Reyə kimi yayılmışdı.
Şəmsəddinin oğlu Məhəmməd Cahan Pəhləvanın dövründə Eldənizlər dövləti daha da güclənmişdi.
Qızıl Arslan qardaşı Məhəmməd Cahan Pəhləvandan sonra uzun müddət taxt-tacını əldə tutmaq uğrunda mübarizə apardı.
İraq
Sultanlığının hakimiyyətini əlində cəmləyən Qızıl Arslanın 1191-ci ildə
qətlə yetirilməsindən sonra hakimiyyət Cahan Pəhləvanın türk əsilli
Qüteybə Xatundan olan oğlu Əbu Bəkr ilə İnanc Xatundan olan oğlu Qutluq
İnanc və Əmir Əmiran arasında bölüşdürüldü.
Bundan sonra
qardaşlar arasında başlayan səltənət mübarizəsi Əbu Bəkrin zəfəri ilə
nəticələndi. Ancaq davam edən xarici hücumlar (Xarəzmşahlar, gürcülər və
s.) dövlətin süqutuna zəmin hazırlamışdı. Əbu Bəkr 1210-cu ildə
dünyasını dəyişəndən sonra hakimiyyətə gələn qardaşı Özbəyin dövründə
(1210-1225) Atabəylər dövlətinin tənəzzülü sürətlənmişdi.
Atabəylər
dövründə Azərbaycanın Gəncə, Təbriz, Naxçıvan, Marağa, Ərdəbil,
Dərbənd, Bakı, Şamaxı, Beyləqan kimi böyük ticarət və sənət mərkəzləri
çox məşhur olmuşdur. O vaxt Gəncə və Təbrizin əhalisinin sayı 100 mini
ötmüş, Naxçıvanın əhalisinin sayı isə 80-100 minə çatırdı.
Azərbaycan Atabəylərinin paytaxtı müxtəlif dövrlərdə Gəncə və Naxçıvan şəhərləri olmuşdur.
Eldənizlərin
hakimiyyəti dövrü Azərbaycanın çiçəklənmə dövrüdür. Bu müddətdə
şəhərlər abadlaşdırılmış, ticarət, sənətkarlıq, heyvandarlıq, əkinçilik
həddən artıq irəli getmişdir.
1225-ci ildə Xarəzmşah Cəlaləddinin hücumları nəticəsində Atabəylər dövləti süqut etdi.
Paytaxtı Naxçıvan və Təbriz şəhərləri olmuşdur.
:Hakimiyyətdə olan hökmdarlar
1136-1175 Şəmsəddin Eldəniz
1175-1186 Məhəmməd Cahan Pəhləvan
1186-1191 Qızıl Arslan
1191-1210 Əbu Bəkr
1210-1225 Özbək