Əhəməni şahı II Kiros e.ə 530-cü ildə Azərbaycanın şimalında yaşayan və Tomrisin başçılıq etdiyi massagetlərə qarşı müharibədə məğlub olub, özü isə öldürülüb.
Makedoniya ilə Əhəməni dövlətləri arasında e.ə 331-ci ildə baş vermiş döyüşdə albanlar, sakasenlər, saklar da Atropatın başçılığı altında Əhəməni ordusunda İsgəndərə qarşı vuruşub.
Alazan çayı yaxınlığında e.ə 65-ci ildə romalılarla olan döyüşdə albanlar məğlub olublar.
Eramızın 359-cu ildə Amid döyüşündə bir tərəfdən Sasani-Alban, digər tərəfdən isə Roma-Erməni dövlətləri üz-üzə gəldi. Bu döyüşdə Sasani-Alban ittifaqı qələbə çaldı. Amid döyüşündən sonra Albaniyanın işğal olunmuş Arsak, Marlar ölkəsi (Naxçıvan) və Kaspiana vilayətləri geri alındı.
371-ci ildə Dzirav döyüşündə tərkibində erməni dəstələri olan romalılar qalib gəliblər. Bu məğlubiyyətdən sonra Albaniya Uti, Sakasena, Girdiman və Kolt vilayətlərini müvəqqəti olaraq itirib.
Xalxal şəhəri yaxınlığında 450-ci ildə baş vermiş döyüşdə alban qoşunları sasani qoşununu məğlub edib.
Ərəblərlə sasanilər arasında baş vermiş 636-cı il Kadisiyyə döyüşündə Alban şahzadəsi dəstəsi ilə Rüstəmin başçılıq etdiyi sasani qoşunu tərkibində vuruşub. Cavanşir göstərdiyi igidliyə görə sasani şahı III Yəzdəgird tərəfindən mükafatlandırılıb.
Ərəblər tərəfindən Sasani paytaxtı Ktesifon şəhəri 638-ci ildə mühasirəyə alınanda, Alban hökmdarı Cavanşir 3 minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durub.
639-cu ildə Hüzeyfənin başçılığı ilə ərəb qoşunlarının Azərbaycana hücumu zamanı Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yaxınlığında baş vermiş döyüşdə mərzban İsfəndiyar ibn Fərruxzadın başçılıq etdiyi Azərbaycan qoşunları məğlub olub.
662-ci ildə Alban hökmdarı Cavanşirin qoşunu ilə Xəzər qoşunu arasında Kür çayı sahilində baş vermiş döyüşdə alban qoşunu qələbə çalıb.
944-cü il avqustun 24-də rus dəstələri Bərdə şəhərini mühasirəyə aldı. Əhalinin müdafiəsinə baxmayaraq ruslar şəhəri tuta bildilər. Şəhərdə böyük dağıntı və qırğın törədildi. Salari hökmdarı Mərzuban ibn Məhəmməd 30 minlik qoşunla köməyə gəlsə də, Mosul hökmdarının onun torpaqlarına hücumunu eşidərək geri qayıtması rus dəstələrin 945-ci il avqustun 12-ə qədər Bərdədə qalmasına şərait yaradıb.