(1736 - 1789)
XVIII əsrin II yarısında Azərbaycan vahid dövlət çərçivəsində birləşdirməyə can atan dövlət xadimlərindən biri də Qubalı Fətəli xan olmuşdur. Şimal-Şərqi Azərbaycanı bütövlüklə və Azərbaycanın mərkəzi vilayətlərini qismən birləşdirən Fətəli xan ağır hərbi-siyasi şəraitdə mərkəzləşmiş dövlət yaratmağa çalışmışdır. Uğursuzluqla nəticələnsə də, keçirdiyi tədbirlər o dövr üçün mütərəqqi xarakter daşımışdır. Qubalı Fətəli xanın adı mərkəzləşmiş vahid dövlət yaratmağa çalışan dövlət xadimi və görkəmli sərkərdə kimi Azərbaycan tarixində daim öz layiqli yeri tutacaqdır.
Qubalı Fətəli xan 1736-cıildə Quba şəhərində anadan olmuşdur. Atası Hüseynəli xan hələ 1726-cı ildə Qubanın hakimi vəzifəsinə təsdiqlənmiş, 2 sonra - 1747-ci ildə o, Quba xanlığının müstəqilliyini elan etmişdir. Hələ gənc yaşlarından Fətəli xan atasının müxtəlif tapşırıqlarını yerinə yetirərmiş. Onun bu illərdə ən böyük nailiyyəti 1756-cı ildə Salyan sultanlığının Quba xanlığına birləşdirilməsi olmuşdur. Belə ki, diplomatik vasitələrlə bu birləşməni hazırlayan Hüseynəli xan rəsmi mərasimləri keçirməyi oğluna tapşırır, onu qoşun başında Salyana göndərir. Fətəli xan bu tapşırığı müvəffəqiyyətlə yerinə yetirir. 1758-ci ildə Hüseynəli xan vəfat edər oğlu Fətəlini varisi elan edir. Fətəli xanın böyük amalı atasının başladığı işi davam etdirmək, pərakəndə vəziyyətdə olan Azərbaycan xanlıqlarını vahid dövlət çərçivəsində birləşdirmək olur. Birləşdirmə prosesini həyata keçirmək üçün ilk növbədə iqtisadiyyatı qaldırmağa çalışan Fətəli xan bir sıra mühüm tədbirlər həyata keçirir. Belə ki, ilk növbədə vergi və mükəlləfiyyətlər məsələləri nizamlanır, qanuni çərçivəyə salınır, qeyri-qanuni rüsumlar qadağan edilir. Vergilərin toplanması hüququ ayrı-ayrı feodallardan alınıb kəndxudalara verilir. Əvvəllər hər bir feodal vergiləri istədiyi vaxt və istədiyi həcmdə toplayır, mərkəzi xəzinəyə ödəməklə özünə də götürürdü.
Fətəli xanın islahatına əsasən, xanın əmri ilə qanunda göstərilən vaxt və həcmdə kəndxuda kənd əhlindən vergi toplamalı və onu Mərkəzi Divanın məmurlarına təhvil verməli idi. Vergi sisteminin sabitləşdirilməsi bütün iqtisadiyyatın vəziyyətini sabitləşdirir.